Xəbərlər

30.04.2018

Debütantlar və onların ambisiyaları

abl

ASEP şirkətinin bu il təşkil etdiyi Azfar Biznes-Liqasının Yaz Kubokunda qrup mərhələsi artıq arxada qalıb. Bir-birindən maraqlı oyunların oynandığı turnirdə beş komanda debüt edərək turnirə rəng qatıb və bu Təhsil Nazirliyi, R.İ.S.K. Company, Optimal, Az Logistika və Azərkosmos komandalarıdır. Ümumilikdə debütant komandalar 15 oyun keçiriblər, bu oyunlarda 4 qələbə qazanıblar, 1 oyun heç-heçə başa çatıb və 10 oyunda məğlub olublar. Komandalardan ikisi ilk dəfə turnirdə iştirak etməsinə baxmayaraq 1/8 finala vəsiqə qazanmağa nail olub.

C qrupunda mübarizə aparan “Təhsil Nazirliyi” 4 xalla 3-cü yeri tutaraq 17-32-ci yerlər uğrunda mübarizə aparmaq haqqı əldə edib. Komanda qrup mərhələsində öz qapısından 16 top buraxıb, rəqib qapılarına  11 qol vurub və komandanın ən yaxşı bombardirləri hərəyə 3 qol vuran Orxan Məmmədov və Savalan Əlizadə olublar. İlk dəfə iştirak etməsinə baxmayaraq, güclü rəqiblərlə eyni qrupda mübarizə aparan “Təhsil Nazirliyi” son turda cüzi də olsa, növbəti mərhələyə çıxmaq şanslarına malik olub. 

Debütant komandalar arasında zəif nəticə göstərən iki komanda - “R.İ.S.K. Company” və “Optimal” olublar. Püşk nəticəsində Payız Kubokunun qalibi “Azersunla” eyni qrupa düşən “R.İ.S.K. Company” qrupda keçirdiyi hər üç oyunda məğlub olub. Rəqib qapılarından 3 top keçirən komanda, öz qapısında isə 29 top görüb. Komandanın aparıcı oyunçusu və həm də şirkətin Şəbəkə monitorinq qrupunun rəhbəri Vüsal Novruzovun fikrincə komandanın bu cür çıxışının obyektiv səbəbləri olub: “Turnir haqqında məlumatı əvvəlcə dostlarımdan, daha sonra fərqli sosial şəbəkələrdən əldə etdik. Ətraflı məlumatı isə www.abl.az saytından aldıq. Turnirdə iştirak etmək haqqında qərarı hal-hazırda komandada birlikdə oynadığım həmkarlarım ilə verdik. Çıxışımızı kafi qiymətləndirirəm. Nəticə qane etmədi, bundan daha yaxşı çıxış edə bilərdik. Ancaq nəzərə almaq lazımdır ki, komandamız heç bir hazırlıq və məşq keçirmədən yarışa qatıldı və biz komanda olaraq yalnız bu turnir başlayanda bir araya gəldik, eyni zamanda çətin qrupa düşdük. Sonuc etibarı ilə qrupda olan nəticələrimiz bizim üçün sürpriz olmadı. Komandanın yaxşı çıxış etməsi üçün ilk növbədə təcrübəsi və fiziki hazırlığı çatışmadı. Növbəti turnirdə iştirak etməyi planlaşdırırıq. İştirak edəcəyimiz təqdirdə minumum qrupdan çıxmagı hədəfləyəcəyik, əsas hədəfimiz isə yarışda ilk 5-liyi tutmaq olacaq”. 

Turnirə rəng qatan debütantlardan biri də “Optimal” komandası olub. “Optimal” güclü rəqiblərin yer aldığı G qrupunda mübarizə aparıb. Komanda hər üç matçda məğlub olsa da, hücum xəttində kifayət qədər aktiv olub. 11 qola imza atan komandada ən aktiv oyunçular 6 qolla Şamo Əhmədov və 3 qolla kapitan Turan Verdiyev olublar. Həmçinin İsrafil Əlili və Mətin Avazlı məhsuldar ötürmələriylə fəal oyunçulardan olublar. Lakin komandanın müdafiə xəttində ciddi sıxıntılarının olması onların çoxlu qol buraxmalarına səbəb olub. Qapısında 36 qol görən “Optimal” ən çox top buraxan ikinci komanda olub. “Optimal” komandası həm də öz azarkeşləri ilə turnirin bəzəyi olub. Komandanı fəal dəstəkləyən şirkət əməkdaşları turnirin izləyicilərində xoş təəssürat yaradıb.
Komandanın əsas oyunçularından biri olan Marketinq müdiri İsrafil Əlili turnirdəki çıxışları haqda fikirlərini bölüşərək bildirib: “Turnir haqqında sosial şəbəkələrdən xəbər aldıq və iştirak etmək qərarına gəldik. Turnirdəki iştirakımızı o qədər də qənaətbəxş hesab etmirik. Komandamızın həm yeni qurulması, həm də bu cür yarışda ilk dəfə iştirak etməsi öz təsirini nəticələrimizdə əks etdirdi. Amma əldə etdiyimiz nəticələr bizə yeni təcrübələr qazandırdı. Növbəti turnirlərdə iştirak etmək istərdik və o zaman daha yüksək hədəflər üçün mübarizə aparacağımıza inanırıq”.

Öndərlər

C qrupunda mübarizə aparan daha bir debütant “Az Logistika” ilk turnirindəcə qrupu lider kimi tamamlayıb. Komandanın qrupdan çıxması futbolçuların əzmkarlığı sayəsində baş verib. Belə ki ilk oyunda “Kapital Bank”a 6-1 hesabı ilə məğlub olan “Az Logistika”, “City Taxi” ilə növbəti oyunda da 1-3  hesabı ilə hesabda geriyə düşüb, lakin sonradan geridönüş edərək həm bu, həm də qrupdakı sonuncu maçdan inamla qalib ayrılaraq öz aralarındakı oyundakı nəticəyə görə “City Taxi”ni qabaqlayaraq qrupu 1-ci yerdə tamamlayıb. Komandanın əsas qol silahı hündürboylu hücumçu Toğrul İsmayılzadədir. Topla oynamağı sevən bu hücumçu, komandasının 11 qolundan 6-nın müəllifi olub. Qrupu lider tamamlasa da, “Az Logistika” öz qapısında 12 top görüb və qrupu mənfi top fərqi ilə bitirib. Komandanın kapitanı olan qiymətləndirmə üzrə menecer İlkin Əhmədzadə düşüncələrini bölüşərkən çox iddialı və ambisiyalı danışıb: “Şirkətimizin elektron poçt ünvanına turnirdə iştirak barədə təklif gəlmişdi. Biz turnirə qatılmaq qərarı verdik və iki gün ərzində şirkətin əməkdaşalarından ibarət komanda qurduq. Açığı, qrupdan çıxacağımızı gözləmirdik. Bundan sonra hədəfimiz Kubokun qalibi olmaqdır və biz gücümüzə inanırıq. 1/8 finalda rəqibin kim olacağının bizim üçün fərqi yoxdur, heç kimdən çəkinmirik”. 

1/8 finala son dəqiqə qolu ilə vəsiqə qazanan və buna özləri belə inana bilməyən sonuncu debütant komanda D qrupunda yarışan “Azərkosmos” olub. “Azərkosmos” turnirə iki məğlubiyyətlə başlayıb və son turda “Buta Palace” ilə qarşılaşmada 7-3 hesabı ilə qalib gələrək üç xala malik üç komanda arasından şəxsi görüşlərdəki daha yaxşı top fərqinə görə qrupda ikinci yeri tutub və növbəti mərhələyə adlayıb. Bu komanda da qrupda 11 top vurub. Onlardan 4-nə Qəzənfər Ağayev, 3-nə Ömər Paşayev imza atıb. 18 top buraxan kosmonavtlar növbəti mərhələdə müdafiə xəttindəki çatışmazlıqları aradan qaldırmalıdırlar. Komandanın üzvü Elşən Abdullayev həm də, təşkilatda Daxili audit və risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsini icra edir. O, turnirdəki çıxışlarını dəyərləndirərək bildirib: “Komandamızın oyunundan təbii ki, razıyam, kollektiv futbol oyunu nümayiş etdiririk. Bu turnirdə irəliləyə biləcəyimiz qədər irəliləyəcəyik. Gələcəkdə də bu cür turnir təşkil edilərsə qatılmağı istərdik”.

Beləliklə, turnirdə ilk dəfə iştirak edən 5 komandadan 4-ü rəqib qapılarından eyni sayda 11 qol vura bilib. Bəzi komandalar üçün bu növbəti mərhələyə adlamağa yetsə də, digərlərinin müdafiədəki etibarsız oyunları buna imkan verməyib. Debütant komandaların başlıca sıxıntısı, müdafiə xəttindəki inamsız oyunlarıdır. Bu komandaların hamısı qrup mərhələsini mənfi top fərqi ilə bitirib. Bundan sonra debütantlardan ikisi Kubok uğrunda, üçü isə 17-32-ci yerlər uğrunda mübarizə aparacaq. Komandaların növbəti oyunlardakı rəqibləri 3 may 2018-ci il tarixdə saat 19:00-da Pullman Baku otelində baş tutacaq püşkatma nəticəsində məlum olacaq.