Xəbərlər

22.05.2018

Yarımfinal oyunları: final uğrunda sərt mübarizə və videotəkrar sistemi

abl

Mayın 20-də ABL Yaz Kuboku 2017/18 turnirinin yarımfinal qarşılaşmaları və prestij xalları uğrunda mübarizə aparan komandaların növbəti matçları oynanılıb.

Səbirsizliklə gözlənilən yarımfinal qarşılaşmaları gərgin mübarizə, bəzən kobudluğa çevrilən sərt oyun və şübhəsiz ki, qalib komandaların sevinci və məğlubların təəssüf hissləri ilə yadda qalıb.

Yarımfinal qarşılaşmalarında Payız Çempionu “Azərsun” ilə “Polat Yol” və ötən ilin bürünc mükafatçısı “Universal” ilə pley-offa ilk dəfə vəsiqə qazanaraq yarımfinala qədər irəliləyən “Azergold” üz-üzə gəliblər.

“Azərsun” – “Polat Yol” 4-1

Qarşılaşma gözlənildiyi kimi çox gərgin və sərt mübarizə şəraitində keçib. İlk dəqiqələrdən hər iki komanda hücüma atılsa da, əlinə düşən fürsətləri reallaşdıran “Azərsun” 7-ci və 8-ci dəqiqələrdə vurduğu qollarla 2-0 önə keçib. Eyyub Əfəndiyevin imza attığı ilk qolun ötürməsini verən Eşqin Tağıyev ikinci qolun müəllifi olub. Ruhdan düşməyən “Polat Yol” 15-ci dəqiqədə Aleksandr Mehtiyevin qolu ilə fərqi azalda bilib. Finala çıxmaq istəyi meydançada sərt mübarizəyə, kobudluğa da səbəb olub və oyunçular hətta hakimlərin qərarlarına da etiraz etməkdən çəkinməyiblər.

İkinci hissədə oyun daha da sərtləşib. 43-cü dəqiqə rəqibini əks hücumda yaxalayan “Polat Yol” hücüm xəttindəki futbolçunu ara pası ilə topla təmin edib. “Azersun”un müdafiəçisi Vasif İsmayılov qapıçı ilə təkbətək çıxmaqda olan rəqib hücumçunu yıxaraq qaydanı kobud şəkildə pozub. O, ikinci sarı kartı alaraq meydanı tərk edib və komandasını azlıqda qoyub. Say üstünlüyü əldə edən “Polat Yol” hesabı bərabərləşdirmək üçün irəli atılıb, lakin azlıqda olan “Azərsun” sürətli əks hücüm təşkil edib və Eyyub Əfəndiyevin qolu sayəsində hesabdakı fərqi artırıb. Qoldan bir az sonra əsəblərini cilovlaya bilməyən “Polat Yol”un oyunçusu Müşviq Qənbərov rəqibə qarşı kobudluq edib və o da qırmızı kartla cəzalanıb. Son saniyələrdə “Polat Yol”un müdafiəçisi Arslan Quliyev adi vəziyyətdə topu itirib və topu ələ keçirən “Azərsun”un oyunçuları qapıçı ilə üzbəüz qalıblar. Növbəti qolunu vuran Eyyub Əfəndiyev het-trik edərək qarşılaşmada son nöqtəni qoyub, həmçinin turnirdəki qollarının sayını 27-yə çatdırıb.

Matçdan sonra qalib komandanın kapitanı Tohid Ağapur matç haqqında və qarşıdakı final haqqında fikirlərini bölüşüb: “Hər kəs sevinclidir. Oyun çətin keçdi, sıxıntılarımız oldu. Hakimlərin qərarlarından narazıyıq, iki epizodda rəqibə qırmızı vərəqə verilməli idi. Bu cur yalnış qərarlar dəfələrlə baş verib. Hakimlərin səviyyəsinin yüksəldilməsini istərdik. Final qarşılaşması çətin olacaq. Finala çıxan komandaların hər ikisi yaxşıdır və güclüdür. Layiq olan qalib gəlsin”.

“Universal” – “Azergold” 6-1

Komandaların fəal başladıqları matçın 3-cü dəqiqəsində “Universal” hündürboylu və fiziki cəhətdən güclü olan hücumçu Cavid İsmayılovun qolu ilə hesabı açıb. Maraqlıdır ki, “Azergold” bu hücumçunu zərərsizləşdirmək vəzifəsini ondan boyca kiçik olan Ceyhun Mürşüdlüyə tapşırıb. Cavid İsmayılov da məhz hava toplarında üstünlüyü sayəsində çoxlu təhlükəli epizodlar yaradıb. İlk hissədə “Universal”da Xətai Bağırov və 18 yaşlı Əsgər Hümbətov da hərəyə bir qol vurublar və qarşılaşmanın ilk yarısı 3-0 hesabı ilə tamamlanıb. İkinci hissədə də üstünlüyü əldən verməyən “Universal”da Cavid İsmayılov daha iki dəfə, Xətai Bağırov isə bir dəfə fərqəniblər, “Azergold” isə Arif Əliyevlə yalnız bir prestij qolu vurmağa nail olub. Matçın ən yaxşı oyunçusu üç qol və iki ötürmə ilə Cavid İsmayılov olub. Beləliklə, keçən il Payız Kubokunda 27-ci yeri tutan “Azergold” məğlub olsa da inanılmaz bir yüksəlişlə Yaz Kubokunun ən yaxşı dörd komandası arasına daxil olmağı bacarıb.

Matçdan sonra “Universal”ın kapitanı Zaur Şirməmmədov bildirib: “Çətin və aqressiv bir matç oldu. Güclü komandayıq və finalda qalib gələcəyimizə ümid edirik. Kuboku qazanmağa çalışacağıq. Keçən il yarımfinalda “Azərsun”a böyük hesabla məğlub olmuşduq. Bunun səbəbi bizim tədbirdən çıxıb birbaşa oyuna getməyimiz idi və oyunun ikinci hissəsində bu öz təsirini göstərmişdi. Bu il isə eyni səhvi təkrarlamaq istəmirik”.

Beləliklə, finalda “Azərsun”la “Universal” üz-üzə gələcək. Xatırladaq ki, bu komandalar ötən il Payız Kubokunun yarımfinalında qarşılaşıblar və həmin matçda “Azərsun” 7-0 hesabı ilə qalib gəlib.

3-cü yer uğrunda matçda isə “Polat Yol” və “Azergold” oynayacaq.

 

Daha bir maraqlı qarşılaşma 5-8-ci yerlər uğrunda oynanılıb.

“Təmiz şəhər” – “Az Logistika” 8-5

Çox baxımlı matçda komandalar açıq hücum futbolu nümayiş etdiriblər. Azər Nəbiyev-Əli Əlizadə-Səbuhi Həsənov üçlüyünun gözəl oyunu sayəsində “Təmiz şəhər” 3-0 önə keçib. “Az Logistika” ən fəal oyunçusu Toğrul İsmayılovun və Rafiq Zamanovun qolları ilə fərqi minimuma endirib. Maraqlıdır ki, Toğrul İsmayılovun qolu video görüntülərə baxıldıqdan sonra hesaba alınıb. Belə ki, onun zərbəsindən sonra top qapı tirinə dəyərək yerə düşüb. Yalnız video görüntülərə baxdıqdan sonra topun qapı xəttini keçdiyi müəyyən edilib və qol hesaba alınıb. İkinci hissədə Toğrul İsmayılov hesabı bərabərləşdirib və komandasını ümidləndirib. Bundan sonra “Təmiz şəhər” komandasının sanki ikinci nəfəsi açılıb. Sağ cihandan təşkil edilən sürətli əks hücümu əvvəlcə Səbuhi Həsənov uzaqdan zərbə ilə qola çevirib və yenidən komandasını önə keçirib. Qoldan sonra oyunçu dəyişikliyini həyata keçirən “Təmiz şəhər”də meydana ehtiyat qapıçı Arif Zalov daxil olub və o sağ müdafiəçi mövqeyinə keçib. Ard-arda iki dəfə sağ cihandan hücüma qoşulan Arif Zalov bir-birinə bənzəyən uzaqdan zərbələrlə üç dəqiqə ərzində iki qol vurub. Bundan sonra sıra texnikalı oyunu ilə diqqət çəkən Əli Əlizadəyə çatıb. İki qola imzan atan Əli Əlizadə het-trik edib. “Az Logistika” bütün bunlara iki qolla cavab verib. Nəticədə Toğrul İsmayılov het-trik, Rafiq Zamanov isə dubl ediblər.

 

17-20-ci yerlər uğrunda oyunlar

“KATV1” – “Buta Palace” 4-8

“Buta Palace” matç boyu üstün oynayıb və bu üstünlük hesabda öz əksini tapıb. Aramsız hücumlarla keçən oyunda “Buta Palace”da Emin Rəhimov və Murad Cəfərov het-trik ediblər, “KATV1”də isə Ceyhun Hüseynli və Xaliq Hüseynov hərəyə iki qol vurublar.

“İteca Caspian LLC” – “Smart Systems Technology” 0-3

Məğlubiyyətə baxmayaraq, “İteca Caspian LLC” ən azı rəqibi qədər topa sahib olub və çoxlu sayda qol imkanları yaradıb. Lakin “Smart Systems Technology”nin qolkiperi Ruslan Vəliyev inanılmaz oyunu ilə qapıya gələn bütün topları dəf edib. “Smart Systems Technology”nin iki qolunu İslam İsmayılov vurub.

 

21-24-cü yerlər uğrunda oyun

“R.İ.S.K. Company” – “Təhsil Nazirliyi” 4-7

Qarşılaşmada gah bir, gah digər tərəf hesabda önə keçib və ilk hissəni “Təhsil Nazirliyi” 3-2 öndə tamamlayıb. İkinci hissədə “R.İ.S.K. Company” hesabı 3-3 etsə də, sonrakı dəqiqələrdə Azər Nəsirovun üç qolu sayəsində “Təhsil Nazirliyi” yenidən önə keçib. Daha sonra komandalar hərəyə bir qol vuraraq matçın yekun nəticəsini müəyyənləşdiriblər – 4-7. Maraqlıdır ki, oyunda vurulan 11 qolun hamısında hər iki komandadan iki oyunçu iştirak edib. “R.İ.S.K. Company”də Nizami Namazov iki qol və iki ötürmə, Arzuman Hüseynov iki qol və bir ötürmə, “Təhsil Nazirliyi”ndə Azər Nəsirov poker və bir ötürmə, İsgəndər Ağakişiyev het-trik və bir ötürmə ilə oynayıb.

 

25-28-ci yerlər uğrunda oyun

“TreMiDa Press” – “ATL Tech” 1-5

Günün son qarşılaşmasında “ATL Tech” boyükhesablı qələbə qazanıb. “TreMiDa Press” komandasında oyunu üzərinə götürə bilən lider oyunçunun olmaması gözə çarpıb. “ATL Tech” isə rəqibə nisbətən daha sürətli futbol numayiş etdirib və 5-1 hesabı ilə qalib gəlib.


Oyunların nəticələri və statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz.